Ukraynada PUA müharibələri| Rusiya 2014-cü il performansını təkrarlaya bilmir

2022/05/1653895915.jpg
Oxunub: 2079     16:21     30 May 2022    
2014-cü ildə Krımda döyüşən ukraynalı əsgərlər bilirdilər ki, Rusiya PUA-ları göründüsə, ardınca Rusiya artilleriyasının güclü zərbəsi gələcək. Həmin müharibə zamanı Rusiya hərbçiləri PUA-ları taktiki missiyalara birləşdirmişdi, onlardan Ukrayna qüvvələrini aşkarlamaq üçün istifadə etdilər, sonra onları artilleriya və top atəşi ilə vurdular. Rusiya PUA-ları Qərbdəki analoqları qədər təkmil olmasa da, ordunun PUA-ları döyüş taktikasına daha sıx inteqrasiya edilmişdi.

Səkkiz ildən sonra ruslar yenidən Ukraynanı işğal edirlər. Əvvəlki müdaxilədən sonra Rusiya ordusu 500-ə yaxın PUA istehsalına təxminən 9 milyard ABŞ dolları xərcləyib. Ancaq təəccüblüdür ki, bu işğaldan üç həftə sonra ruslar öz PUA-ları ilə əvvəlki müvəffəqiyyət səviyyəsinə çata bilməyiblər. Hətta PUA müharibəsində ukraynalıların ruslardan üstün olduğuna dair əlamətlər var.

Bu iki ordunun PUA imkanları eyni müddət ərzində necə fərqli inkişaf edib? Buna səbəb Rusiyaya tətbiq edilən sanksiyalar, Ukraynanın hazırlığı və bu işə Qərbin dəstəyi, antidron sistemlərin inkişafıdır. 2014-cü ildə Krımı işğal etdikdən sonra Rusiya PUA sahəsində çox geridə qaldı.

Hərbi PUA müxtəlif ölçülərdə, məqsədlərdə və imkanlarda olur, lakin onları bir neçə kateqoriyada qruplaşdırmaq olar. Spektrin bir ucunda çiyin çantasında daşına biləcək qədər kiçik, nisbətən kiçik “uçan bombalar” var. Digər tərəfdən qanadlarının uzunluğu 25 metrə qədər olan və 30 və ya 40 saat havada qala bilən, döyüş meydanından minlərlə kilometr uzaqlıqdakı mərkəzlərdən idarə oluna bilən və ölümcül “hava-yer” tipli raketlər buraxa bilən, yüksək hündürlükdə uçan PUA-lar durur. Onların arasında əsasən müşahidə və kəşfiyyat üçün istifadə olunan bir sıra orta ölçülü PUA-lar var.

Rusiyanın PUA parkına bu kateqoriyaların hər birinə aid modellər daxildir. Bununla belə, 2014-cü ildə Krımın işğalından sonra tətbiq edilən sanksiyalar Rusiya ordusuna PUA inkişafında lazım olan bəzi əsas texnologiyaların, xüsusən də optika, yüngül kompozitlər və elektronikanın alınmasına mane oldu. Bu sahələrdə özünün nisbətən məhdud imkanları ilə Rusiya PUA-larının inkişaf etdirilməsi səyləri bir qədər ləng oldu.

Rusiya arsenalındakı hazırkı sistemlərə hədəfə doğru sürətlə uçub partlaya bilən “Zala Kub” adlı “gəzən sursat”lar daxildir. Ən çox yayılmış Rusiya PUA-larına müşahidə və kəşfiyyat üçün istifadə edilən orta ölçülü sistemlər daxildir. Bunlara Suriya və Ukraynada geniş şəkildə istifadə edilən “Eleron-3SV” və “Orlan-10” daxildir. Rusiyanın yeganə iri, raket atan PUA-sı Amerika istehsalı MQ-1 “Predator”a bənzəyən və dəqiq zərbələr, eləcə də kəşfiyyat üçün istifadə edilə bilən “Orion”dur. “Orion” 2022-ci il martın əvvəlində Ukraynadakı komanda mərkəzinə hava zərbəsi endirib.

2014-cü il Krım müharibəsindən sonra Ukrayna PUA parkını təkmilləşdirdi. Yerli “A1-SM Fury” və “Leleka-100” kəşfiyyat PUA-ları PUA parkında əsas yer tutur. “A1-SM Fury” 2020-ci ilin aprelində, “Leleka-100” isə 2021-ci ilin mayında istifadəyə verilib.

Hücum əməliyyatlarında Ukrayna və Rusiya ordularının istifadə etdiyi PUA taktikaları bir-birinə bənzəyir. Əsas fərq müdafiədədir.

Lakin bu müharibədə Ukrayna üçün ağır zərbə endirən “Bayraktar TB2” PUA-ların olması böyük üstünlük yaradıb. Qanadları 12 metr olan PUA 4 sursat daşıyır. Ukraynada təxminən 30 belə PUA-nın olduğu bildirilir. Bu PUA-lar xüsusi olaraq tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub.

Ukrayna arsenalına həmçinin Tu-141 kəşfiyyat tipli PUA-lar da daxildir, bu sistemlər bu da Sovet dövründən qalıb, ölçüləri çox böyükdür, yüksək hündürlükdə uçur, müharibədə az uğur qazanıblar. ABŞ-ın elan etdiyi 800 milyon dollarlıq silah paketində Ukrayna üçün 100 ədəd “Switchblade” PUA-sı var. Bu “gəzən sursatlar” ölçü və funksionallıq baxımından Rusiyanın “Zala Kub” platformalarına bənzəyir.

Ukrayna və Rusiya PUA parkında fərq elə də böyük deyil. Əsas fərq müdafiə məsələsindədir: PUA əleyhinə texnologiyaya gəldikdə Ukrayna üstünlüyə malikdir. On il əvvəl, antidron texnologiyası dedikdə əsasən PUA-ları vurmaq üçün nəzərdən tutulan HHM sistemləri nəzərdə tutulurdu. Ancaq bu gün bu texnologiyalar daha fərqli taktikalardan istifadə edir.

PUA texnologiyası son on ildə yüksək sürətlə inkişaf etdiyindən antidron texnologiyası da sürətlə inkişaf etməli oldu. Rusiyada isə belə olmadı. Burada yenə də Rusiya ordusuna texnoloji embarqolar və bir qədər durğun və kritik imkanlardan məhrum olan yerli sənaye bazası mane oldu. Bunun əksinə olaraq, bu müharibədə Ukraynanı dəstəkləyən ölkələrin birləşmiş sənaye bazası böyükdür və onlar antidron texnologiyasına böyük sərmayə qoyublar.

Rusiya düşmən PUA-larına qarşı radioelektron mübarizə (REM) vasitələrindən istifadə edir. Ehtimal ki, daha çox “Borisoqlebsk 2” və “R-330Zh Jitel” sistemlərindən istifadə olunur. Bu sistemlər havaya çoxlu sayda radiotezlik enerjisi göndərir və PUA-ların operatorlarla əlaqəsi kəsilir.

Ukraynalılar tərəfindən istifadə edilən yeni PUA-ların daxilində Rusiyanın istifadə etdiyi REM vasitələrinə qarşı xüsusi sistemlər quraşdırılıb.

Ukraynanın NATO-nun geniş çeşidli antidron texnologiyalarına çıxışı var. Ukraynalılara verilən dəqiq sistemlər ictimaiyyətə məlum deyil, lakin mövcud olan bir çox sistem arasından təxminlər aparmaq mümkündür. “Lockheed Martin”dən olan daha güclü sistemlərdən biri PUA-ları aşkar etmək və müəyyən etmək üçün hazırlanmış bərk cisimli, mərhələli radar sistemindən istifadə edir. Sistem daha sonra PUA-nı izləyir və onu vurmaq üçün yüksək enerjili lazerlərdən istifadə edir. “Raytheon” şirkəti də yüksək güclü mikrodalğadan istifadə edərək PUA-ları məhv edən sistemlər istehsal edir.

Əksər Qərb müdafiə podratçılarının bir növ antidron sisteminə malik olmasına baxmayaraq, kommersiya PUA-larının kütləvi şəkildə yayılması nəzərə alınmaqla, kommersiya sektorunda da əhəmiyyətli yeniliklər olub. Bu texnologiyaların bir çoxu daha kiçik PUA-lara yönəldilsə də, bəzi texnologiyalar, o cümlədən akustik zondlama və radiotezlik lokalizasiyası daha böyük PUA-lara qarşı da effektivdir. Həmçinin, bir çox kiçik şirkət müasir PUA-lara qarşı mübarizə aparmaq üçün xüsusi sistemlər hazırlayıb.

Ukraynalılar tərəfindən konkret olaraq hansı antidron sistemlərinin yerləşdirildiyini bilməsək də, məhv edilmiş PUA-ların görüntüləri cəlbedici sistemlərin olmasından xəbər verir. Ukrayna tərəfindən Rusiya PUA-ları daha çox ələ keçirilib, məhv edilən Ukrayna PUA-larında isə daha çox yanıq izləri var və bu o deməkdir ki, Rusiya Ukrayna PUA-larını vurmaq üçün raket sistemlərindən istifadə edir. Məntiqi nəticə ondan ibarətdir ki, rusların REM sistemləri effektiv deyil. Vurulan Rusiya PUA-ları isə nisbətən kiçik zədələr olmaqla daha bütövdür.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin